KİTABXANA


AZƏRBAYCAN

DAHİLƏR


Yol hərəkəti haqqında

Azərbaycan Respublikasının 1998-ci il 3 iyul tarixli 517-IQ nömrəli Qanunu

(Çıxarış) 

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

36) piyada — nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur); 

II fəsil

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi 

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

V fəsil

Yol hərəkəti qaydaları

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:

6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;

11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;

Maddə 40. Piyadanın vəzifələri

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

VI. “Uşaqlar” tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.

Maddə 56. Adamların daşınması

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır.

IX. Adamların daşınması:

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə;

2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq;

3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir.

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur:

3) “Uşaqların daşınması” — avtobusda dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında — qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli  kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər); 

Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi

V. Faranın yaxın işıqları sutkanın işıqlı vaxtında:

1) motosiklet, moped;

2) uşaq dəstələri daşıyan avtobus və mikroavtobus;

3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələri;

4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələri;

5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələri;

6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən isə, hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə duman faraları da yandırılmalıdır. 

 

     

© Copyright 2010 - Sumqayıt şəhər Uşaq Kitabxanası