 |
28-29 fevral 1988-ci il. Sumqayıtın 40 illik tarixinin ən acı səhifəsi... 1988-ci ilin fevralın 28-29 da xalqımıza gözlənilməz zərbə endirildi və tariximizə qara ləkə kimi daxil olan Sumqayıt hadisələri baş verdi. Keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının bilavasitə rəhbərliyi ilə Sumqayıt hadisələri törədildi və bu vəhşilik Azərbaycan xalqının adına yazıldı.
SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və ssenarini həyata keçirməyə çalışan qüvvələr, o cümlədən erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan Respublikası ərazisində alternativ iğtişaşlar törətmək qərarına gələrək bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçdilər. Sumqayıtda qan tökməklə onlar bütün dünyaya car çəkmək istəyirdilər ki, azərbaycanlılar erməniləri dinc yanaşı yaşamağa qoymur, onları fiziki və mənəvi cəhətdən məhv etmək istəyirlər. Həmin günlər ərəfəsində isə Ermənistan ərazisindən 48,2 min nəfərə yaxın azərbaycanlı öz ata-baba yurdundan qovulub çıxarılmışdır. Qarlı-çovğunlu günlərdə bu qanlı aksiyanı həyata keçirilməsi zamanı xeyli uşaq, qadın və qoca sərt iqlim şəraitinə dözməyərək həlak olmuşdur. Həmin dövrdə Sumqayıtda 17 mindən artıq erməni yaşayırdı. Hər ay hər bir erməni öz məvacibindən müəyyən məbləği Stepanakertə (indiki Xankəndi) ötürürdü. Onların çoxu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ermənilərin yaratdıqları “Krunq” komitəsinin üzvləri idilər. Sumqayıt hadisələrindən bir neçə ay qabaq ermənilər əmanət kassalarından pulları kütləvi surətdə çıxarmağa başlamışlar. Onları buna məcbur edən nə idi? Çünki, Sumqayıtda tezliklə qan töküləcəyi haqda xəbərləri var idi. Ermənistanda hər kəs açıq-aydın bilirdi ki, Sumqayıtda məlum hadisələrin planı işlənib hazırlanmış və onun həyata keçirilməsi vaxtı da müəyyənləşdirilmişdi. Elə həmin günlərdə Sumqayıtda yaşayan ermənilər şəhərdən qaçır, baş verəcək qondarma “genosid” planını keçmiş ittifaqın müxtəlif şəhərlərində yayırdılar. Bütün bunlar bir daha sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi. Sumqayıt hadisələrində icraçılara Qriqoryan Eduard Robertoviç başçılıq edirdi. O, 1954-cü ildə Sumqayıtda anadan olmuş 3 dəfə müttəhimlər kürsüsündə əyləşmiş, qatı cinayətkar kimi üst-üstə 9 il 2 ay azadlıqdan məhrum edilmişdir. Sumqayıtda yaşayan ermənilərin mənzillərinin öncədən siyahısı çıxarılmış cinayətkar dəstənin üzvlərinə paylanmışdır, məhz buna görə də kütlənin önündə gedən Eduard Qriqoryan həmin ailələrin ünvanını tez tapır, qəddarlıqla öldürülənlərin təşkilatçısı şəxsən özü olurdu. Sumqayıt hadisələrində Qriqoryan yüksək dairələrdə əyləşən erməni millətçilərinin əlində bir alət idi. Qriqoryan həmin hadisələrdə 5 nəfər erməni qətlə yetirmişdir.
Həmin günlərdə şəhərdə törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, 200-dən çox mənzil talan edilmişdir, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə 10 mln. ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 18/55 461-88 saylı xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri – Əhməd İman oğlu Əhmədov isə güllələnməyə məhkum olunmuş və hökm tez-tələsik yerinə yetirilmişdir.
Beləliklə, 1988-ci ildə Sumqayıtda baş verən qanlı hadisələr ermənilərin ötən əsrin əvvəllərində - 1905 - 1906, 1918-1920 , 1948-1953-cü illərdə millətimizin başına gətirdikləri fəlakətin növbəti qanlı səhifəsi idi. Sumqayıt hadisələrindən sonra ermənilər öz işğalçılıq planlarını həyata keçirməkdə davam etdilər. Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən zəbt olundu. Bir milyondan artıq insan öz isti ocağından didərgin düşdü.
Sumqayıt hadisələrini milli regional hadisə kimi qiymətləndirənlər yanılırlar. Sumqayıt hadisələri əhəmiyyətinə görə qlobal hadisə olub, beynəlxalq səciyyə daşıyırdı. Məhz 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin mükəmməl siyasəti nəticəsində Sumqayıt hadisələrinin ermənilərin özləri tərəfindən törədilməsi tam aydınlığı ilə dünya ictimaiyyətinə çatdırıldı.
Sumqayıt hadisələri haqqında aşağıdakı kitabları elektron variantda təqdim edirik.
Ramazan Məmmədov.
Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi kontekstində
Məmmədov R.S., Sadıqov H.Ş.Sumqayıt. tarixdən səhifələr (1930-2000)
|
 |