KİTABXANA


AZƏRBAYCAN

DAHİLƏR


Sumqayıt - Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizinin qərb sahilində, Sumqayıt çayının mənsəbində, düzənlikdə yerləşir. İqlimi quru, subtropikdir. Sahəsi 83 kv.km, əhalisi 357 min nəfərə yaxındır.
Hacı Zeynalabdin və Corat qəsəbələri Sumqayıt şəhərinin tabeliyindədir. Milli tərkibi müxtəlif olsa da, əsasən azərbaycanlılardan ibarətdir.
Sumqayıt şəhər kimi Azərbaycanın coğrafi xəritəsinə 1949-cu ildə düşmüşdür. Öz potensialına görə respublikanın ikinci sənaye şəhəri olan Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilmişdir.
Sumqayıtda ilk inşaat işlərinə ötən əsrin 30-cu illərində başlanılmışdır. 1937-ci ildə ilk sənaye müəssisəsi olan İstilik Elektrik Stansiyasının əsası qoyulur. Daha sonra  bir-birinin ardınca Boru Yayma zavodu, Sintetik Kauçuk zavodu, Alüminium zavodu, bütün Avropada ən iri kimya müəssisəsi olan Kimya kombinatı işə salınır.
70-ci illərdən başlayaraq, ümummilli liderimiz Heyder Əliyevin rəhbərliyi ilə Sumqayıtda yeni istehsal obyektlərinin tikintisi geniş vüsət aldı. Kompressorlar zavodu, Üst Trikotaj və Xovlu iplik fabrikləri, kimya kompleksinin inkişafı üçün əsas xammal bazası olan EP-300 qurğusu istifadəyə verildi. 60  yaşlı şəhərimiz zəhmətkeş insanların fədakar əməyi nəticəsində böyük sənaye və mədəniyyət mərkəzinə çevrilib.  Bu illər ərzində ümummilli liderimiz Heydər Əliyevin  böyük məhəbbətlə “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıtın  özünəməxsus mədəniyyəti formalaşıb. Bu  gün Sumqayıt nəhəng müəssisələri ilə yanaşı öz mədəniyyəti və onun hazırkı səviyyəsi ilə fəxr edə bilər. Sumqayıt  mədəniyyəti yalnız Şəhər Mədəniyyət və Turizm idarəsindən və onun tabeliyində olan obyektlərdən ibarət deyil. Bilavasitə sənaye müəssisələrinin balansında olan S.Vurğun  adına mədəniyyət sarayı, həmçinin “Kimyaçı” sarayı, U.Hacıbəyov adına Musiqi texnikumu, H.Ərəblinski adına  Sumqayıt Dövlət Musiqili Dram Teatrı və başqaları mədəniyyətimizin  bir hissəsini təşkil edir. 60 yaşlı Sumqayıtın 40 yaşlı teatrı şəhərin mədəni-kütləvi tədbirlərinin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirir.
İstehsal etdiyi sənaye məhsulları ilə dünyada şöhrətlənən Sumqayıtda sənaye müəssisələri ilə yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının da sayı durmadan artmış, Sumqayıtla birgə böyümüşdür. “Neftkimyaavtomat” Elmi-Tədqiqat İnstitutu, az sonra Polimer Materialları Elmi-Tədqiqat İnstitutu fəaliyyətə başladı.
1952-ci ildə “Sosialist Sumqayıtı” (indi “Sumqayıt”) qəzeti nəşr olunmağa başladı. İndi Sumqayıtda 57 məktəbəqədər  tərbiyə müəssisəsi, 46 ümumtəhsil orta, 3 internat, 1 Özəl Türk Liseyi, 3 idman məktəbi, o cümlədən Şahmat klubu, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 ali (Sumqayıt Dövlət Universiteti və Müəllimlər İnstitutunun Sumqayıt filialı), 4 orta ixtisas, 4 peşə liseyi fəaliyyət göstərir. 
Şəhərimiz son illərdə özünün ən böyük inkişaf və tərəqqi mərhələsini  yaşayır. Ümummilli liderimiz H.Əliyevin sədrliyi ilə  2003-cü il aprelin 3-də Şəhər Icra Hakimiyyətində keçirilən  tarixi müşavirə bütün sahələrlə yanaşı mədəniyyətimizin də inkişafına öz təsirini göstərmişdir.
Şəhər sakinlərinin mədəni istirahəti üçün bu gün Sumqayıtda 16 klub və mədəniyyət evi, 20 kitabxana, Tarix muzeyi, Rəsm Qalereyası, 5 musiqi məktəbi, kinoteatr, Mədəniyyət və İstirahət parkı, Dənizkənarı park və s. fəaliyyət göstərir.
Sumqayıtın ən gözəl guşələrindən biri də Nəsimi adına Mədəniyyət və İstirahət parkıdır. Park şəhər əhalisinin əsas istirahət yeridir.
Mərkəzləşmiş Kitabxana Sistemi dövlətin ideoloji siyasətinin həyata keçirilməsində fəal rol oynayır. Şəhərin mədəni  həyatında elə bir tədbir yoxdur ki, MKS kollektivi müxtəlif  kitab sərgiləri, çıxışları, xülasələri ilə fəal iştirak etməsin. 
Respublikamızda analoqu olmayan Bülbül adına Uşaq İncəsənətməktəbi,F.Əmirov adına Uşaq İncəsənət Məktəbi, 28 May, N. Nərimanov adına Mədəniyyət evlərisumqayıtlıların asudə vaxtının təşkilində  yorulmadan çalışırlar.
Həmçinin Sumqayıtda 41 səhiyyə müəssisəsi sumqayıtlıların sağlamlığı keşiyində dayanmışdır. Sumqayıt Ukraynanın Çerkassı, Almaniyanın Lüdviqshafen şəhərləri ilə dostluq əlaqəsində olmuş, bu gün də “Qardaşlaşmış şəhərlər” kimi bu ənənəni davam etdirir.

     

© Copyright 2010 - Sumqayıt şəhər Uşaq Kitabxanası