Əmək fəaliyyətimin on beş ili mədəniyyət sahəsi ilə əlaqədə olub. Mədəniyyət müəssisələrinin əsas hissəsini kitabxanalar təşkil edir. Özümün də şəxsi kitabxanam olduğundan kitaba, kitabxanaya, kitabxana işçilərinə münasibətim özünəməxsusluğu ilə fərqlənib. Kitabxanaçı peşəsi həm çətin, həm də şərəfli peşədir. Kütləvi kitabxanaların vahid fond əsasında mərkəzləşdirilməsi kimi mütərəqqi xidmət forması, daha doğrusu təşəbbüsü meydana çıxanda ilk qoşulan Sumqayıt şəhərinin kitabxanaları oldu. Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi uzun illər respublika kitabxanaları üçün təcrübə bazası vəzifəsini yerinə yetirib. Sumqayıt şəhər MKS-in bir filialı kimi 12 saylı uşaq kitabxana-filialının kollektivi həmişə öz işində məsuliyyətli, uşaq oxucuları ilə münasibətdə səbirli, öz işini sevən olmuşdur.
Mən kitabxana işçilərinə can sağlığı, öz işlərində uğurlar arzulayıram.
Zərifə Təhməzova
Fərdi təqaüdçü
1955-ci ildən A. Qaydar adına kitabxananın üzvü olmuşam. Burada keçirilən bir-birindən maraqlı görüşlərin şahidi olmuşam. 1965-ci ildə “Təzə mənzildə” adlı ilk kitabımın müzakirəsi olmuşdur. O vaxtdan bəri bu əlaqəni yaşadırıq. Kitabxananın həmişə mehriban, üzügülər işçiləri olmuş, onlar yazıçılarla oxucuların əlaqəsini daha da möhkəmləndirirlər. Ona görə də bu kitabxananın fəaliyyəti gün-gündən yaxşılaşır və inkişaf edir. Hal-hazırda da çapdan çıxmış kitablarımı onlara hədiyyə edirəm və bu işdən xüsusi zövq alıram. Bu da mənim yaradıcılığıma yaxşı mənada təsir edir. Mən kitabxana işçilərinə öz işlərində daha böyük uğurlar arzulayıram.
Şair Mir Sabir
Hər bir kitabxananın hörməti, izzəti orada işləyən adamlardan çox asılıdır. Mən ali məktəbin bir müəllimi kimi kitabın, kitabxananın qədrini bilənəm. Lakin gərək hər bir oxucuya kitabı sevdirə biləsən. Bu isə işçilərdən, onların savadından, oxucuya göstərdikləri diqqətdən çox asılıdır. Nailə xanım və onun ətrafındakı xanımlar oxucuya xoş rəftarları ilə seçilirlər. Dəfələrlə şahid olmuşam ki, məktəblilər buradan çox razı çıxırlar. İstədikləri kitabı dərhal tapıb oxucuya verir və hər suallarına diqqətlə yanaşırlar. Əsas məsələ də budur ki, kitabxanaya oxucu cəlb edəsən, onların məhəbbətini qazanasan. Mən bu kitabxananın bütün işçilərinin öz vəzifələrinə məsuliyyətlə yanaşmalarına görə özüm də bir oxucu kimi kənarda qalmır, tez-tez onların diqqət və qayğılarından yararlanıram. Elə bir gün olmur ki, burada oxuyub, yazmayım. Milli qeyrət, vətəndaşlıq hissi ilə yaşayan və öz oxucularına ən ülvi, pak duyğular aşılayan Nailə xanıma və onun xanım işçilərinə başucalığı arzulayıram....
BDU-un professoru
Əmirxan Xəlilov
Mən hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, mənə doğma, əziz olan, ümid və pənah ocağı hesab etdiyim bu kitabxana haqqında ürək sözlərimi bəyan etmək çox böyük fəxarətdir. Alimin, şairin, həkimin və digər ixtisas sahiblərinin yan keçə bilmədiyi bu doğma ocaq artıq uzun illərdir ki, mənə sirdaş olub yollarıma nur çiləyir.
Məktəblilərin, uşaqların mehriban həmdəmi olan bu kitabxana kollektivi ilə tanışlığım hələ 18 saylı orta məktəbdə dəstə rəhbəri işlədiyim vaxtdan başlayıb. Elə o vaxtdan da bir oxucu kimi bu kitabxanadan bəhrələnməyə, onun zəngin xəzinəsinin dərinliklərinə varmağa, onun sirli aləmi ilə tanış olmağa başlamışam... Bir oxucu kimi, həm də bir müəllim kimi kitabxana işçilərində olan dözümə, səbrə, hər bir kəslə dil tapa bilmək, onları razı yola salmaq bacarığına qibtə edirəm. Kitabxananın bütün əməkdaşlarına, başda Yeganə xanım olmaqla can sağlığı, yeni-yeni sənət uğurları diləyir və aşağıdakı misraları da sizə ərməğan edirəm:
Bu günədək nə qazandın, səninkidir, sənin olsun!
Bağçaların gözəl gülü sənin olsun!
Bundan sonra mənim doğma kitabxanam,
Min oxucu rəğbəti də sənin olsun!
18 saylı orta məktəbin müəlliməsi
Məlahət Həsənova